Rusiya Quru Qoşunları
Rusiya Quru Qoşunları (rusca: Сухопутные войска Российской Федерации) Rusiya Silahlı Qüvvələrinin tabeçiliyində olan hərbi birləşmədir. 1992-ci ildə Sovet Ordusunun parçalanmasından sonra yaranmışdır.
== Strukturu ==
Xidmət növünə görə Quru Qoşunlarına motoatıcı, tank, artilleriya və raket qoşunları, quru qoşunlarının hava hücumundan müdafiəsi, xüsusi birliklər (kəşfiyyat, siqnal, radioelektron mübarizə, mühəndis-istehkam, radiasiya, kimyəvi və bioloji hücumdan müdafiə, texniki təchizat və arxa cəbhənin müdafiəsi), hərbi birliklər və lojistik müəssisələr daxildir.Motoatıcı qoşunlar Quru Qoşunlarının əsas hissəsini təşkil edir. Onlar düşmənin quruda və havada yerləşən hədəflərini məhv etmək üçün bir çox silahla təchiz olunub. Hazırda Rusiya Quru Qoşunlarında 19 motoatıcı diviziya fəaliyyət göstərməkdədir.
Tank qoşunları isə Quru Qoşunlarının əsas təsir qüvvəsini təşkil edir. 2007-ci il məlumatına əsasən Rusiya Quru Qoşunlarında üç tank diviziyası fəaliyyət göstərir. Bunlar Moskva Hərbi Dairəsində dislokasiya olunmuş 4-cü və 10-cu, həmçinin Sibir ərazisində yerləşən 5-ci tank diviziyalarıdır. Sibir Hərbi Dairəsində dislokasiya olunmuş 2-ci və Uzaq Şərq Hərbi Dairəsində yerləşən 21-ci tank diviziyaları isə fəaliyyətini dayandırmışdır.
Raket və Artilleriya Qoşunları Rusiya Quru Qoşunlarının əsas atəş gücünü təşkil edir.